“UNEC Journal of Engineering and Applied Sciences” elmi jurnalının ilk sayı 2021-ci ilin dekabr ayında www.unec-jeas.com rəsmi web səhifəsi üzərindən online (ISSN: 2790-2358) şəkildə yayımlanması ilə yanaşı, həm də çap versiyası (ISSN: 2790-234X) buraxılmışdır. Jurnalın hər il iki nömrəsi (may və dekabr aylarında) periodik olaraq dərc edilir. Hazırki vaxta qədər 6-cı sayı (Vol 4, No 1) plana uyğun olaraq 30 may 2024-cü il tarixində online və çap formatında yayımlanmışdır. 7-ci sayının nəşri isə 2024-cü ilin dekabr ayının son həftəsində planlaşdırılır. Beynəlxalq standartların eləcə də Azərbaycanda Ali Attestasiya Komissiyasının qoyduğu tələblərə uyğun olaraq 2023-cü ilin ikinci yarısından etibarən UNEC JEAS jurnalı Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyat agentliyi olan Crossref-ə rəsmi üzv olmuşdur və 4-cü saydan (Vol 3, No1) başlayaraq dərc edilən bütün məqalələr üçün həmin agentlik tərəfindən təsdiq olunan DOI-lər verilir. “UNEC Journal of Engineering and Applied Sciences” elmi jurnalı artıq Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olmuşdur (Texnika elmləri bölməsi üzrə). Jurnal Crossreflə yanaşı qısa zamanda Index Copernicus, WorldCat, Google Scholar, Eurasian Scientific Journal Index, Cite Factor, Directory of Research Journals Indexing, Cosmos Impact Factor, Scientific Indexing Service bazalarında indekslənmişdir. UNEC JEAS jurnalının 6 fevral 2024-ci ildə növbəti uğuru nüfuzlu “Chemical Abstract Service” (CAS) bazasına daxil edilməsi ilə bağlı qəbul olunmuş rəsmi məktub olmuşdur.
Nəşrə başlandığı ilk gündən jurnalda ümümulikdə 57 elmi məqalə dərc edilmişdir. Dərc edilən 57 məqalənin 37-sinə Scopus və Web of Science bazalarında indekslənən jurnallarda dərc edilən məqalələrdən 160-dan artıq istinadlar verilmişdir.
Jurnalın redaksiya heyəti beynəlxalq nüfuzlu alimlərdan təşkil olunmuşdur, əsas redaksiya heyəti (baş redaktor prof. Rövnəq Rzayev, baş redaktorun müavini – f.f.d. Tural Nağıyev və idarədici redaktor – dos. Əli Xəlilov) isə məhz UNEC əməkdaşlarıdır.
5 iyun 2024-cü ildə Jurnalın Scopus bazasında indekslənməsi ilə bağlı müraciət olunmuşdur və 9 dekabr 2024-ci il tarixində elə ilk müraciətdə Scopus tərəfindən heç bir irad olmadan bazada indekslənməsi ilə bağlı nəşriyyatımıza rəsmi məktub daxil olmuşdur.